Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməsidir.
Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən şanlı qələbəmiz, Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı-canı bahasına qazanıldı. Bu möhtəşəm qələbə eyni zamanda milli birliyin təntənəsi oldu. Bu müharibə xalqımızın əyilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində dünya Azərbaycan xalqının yenilməzliyinin, mübarizliyinin və onun rəhbərinin qətiyyətinin, siyasi müdrikliyinin bir daha şahidi oldu.
2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına hüquqi əsaslar yaratdı. Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də qeyd etdiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Ermənistanın kapituliyasiyasından sonra Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan öz sahibinə qaytarıldı. 44 gün ərzində işğalçılara həm siyasi, həm də döyüş meydanında sarsıdıcı zərbələr vuran qəhrəman Azərbaycan xalqının iradəsinə təslim olan erməni işğalçıları Ağdam, Kəlbəcər və Laçın siyasi danışıqlar yolu ilə qaytarmağa məcbur edildi. Beləliklə döyüş meydanında olduğu kimi, diplomatik masada da Ermənistan diz çökdürüldü, rəzil itaətə məcbur edildi. Azərbaycan Ordusunun Zəfər yürüşünün davamı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipiallığı və diplomatik məharəti sayəsində ağdamlılarının doğma yurd həsrətinə son qoyuldu.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu Zəfər tarixidir.”
Ağdamın, Kəlbəcərin, Laçının Prezident İlham Əliyevin diplomatik məharəti ilə döyüşsüz işğaldan azad olunması xalqımız üçün ən böyük töhfə idi və bu proses qələbəyə qələbə qatdı. Dağıdılmış Ağdam şəhəri erməni vandalizminin şahididir. Lakin tezliklə bütün dünya yenilənmiş, işğal yaralarından tam sağalmış doğma yurd yerimizin əvvəlki tarixi simasının yenidən bərpasının şahidi olacaqdır. Dövlət başçısının müraciətində qeyd etdiyi kimi – Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdamın, Qarabağımızın bərpa edilməsi, dirçəldilməsi buranı uzun illər vətən həsrəti ilə yaşayan məcburi köçkünlərimiz və qaçqınlarımız üçün qısa müddət ərzində yenidən gözəl bir yaşayış məkanına çevirmək qarşıda dayanan ən prioritet məsələlərdəndir. Qarabağın ən böyük şəhəri olan Ağdam əvvəlki illərdə olduğu kimi yenidən Azərbaycan dövlətçiliyinin sütununa çevriləcək.
Artıq işğaldan azad edilmiş bütün torpaqlarımız kimi Ağdamda da geniş miqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Ağdamın tarixi və mədəni əhəmiyyətini bərpa etmək məqsədi ilə şəhər Baş Plan əsasında yenidən qurulur.
Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək məqsədi ilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Bu gün üçrəngli Bayrağımız bütün torpaqlarımızda, eləcə də Ağdamda əzəmətlə, qürurla dalğalanır və əbədi dalğalanacaq!
Azadsöz.az