Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay Rayon Statistika İdarəsinin əməkdaşları tərəfindən idarənin qarşısına əkilən ağcaqayın və eldar şamı ağaclarından 8 ədədi oğurlanıb.
Dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun yaşıllığına xələl gətirən bu cür vətəndaşlarımızla bağlı çağırışlar etməyimizə baxmayaraq yenə də rayonumuzun bəzi qoçaq sakinləri çirkin əməllərindən əl çəkmirlər.
Artıq məsələ ilə bağlı müvafiq ölçü götürülməsi üçün Göyçay rayon polis şöbəsinə müraciət olunub və tapılması istiqamətində işlər görülür.
Rayonda əkilən dekorativ güllərə və müxtəlif növ ağaclara qənim kəsilən həmin şəxslərə bildirmək istəyirik ki, yaşıllıqların geniş şəkildə artırılması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf aləmin qorunması üçün keçirilən ağac və gül əkmə aksiyalarının məqsədi Göyçay rayonunun ekoloji gələcəyinə töhfə verməkdir.
Unutmayın ki, sizin gördüyünüz bu iş sizin üçün adi gələ bilər amma, rayon üçün heç də ürək açan hərəkət deyil.
Ümid edirik ki, bu yazımızdan sonra bəzi məsuliyyətsiz vətəndaşlarımız bu cür dırnaqarası qəhrəmanlıqlarına son qoyacaqlar.