Azərbaycan qlobal miqyasda növbəti möhtəşəm uğura imza atdı. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başladı. Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsi oldu. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Sözsüz ki, hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.”
Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində kifayət qədər təcrübəyə malikdir. Lakin COP29 bu vaxta qədər keçirilmiş tədbirlərin heç biri ilə müqayisəyə gəlmir. Bununla belə, hətta qlobal beynəlxalq tədbirin ilk günündən artıq heç kim şübhə etmir ki, ölkəmiz üzərinə götürdüyü bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələcək.
Beləliklə tarixi anlar yaşandı. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü. Ölkə prezidenti ilk növbədə ötən ilin dekabrında təxminən 200 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Prezident COP29-un tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. 4 il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. 1 il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə vermək üçün, Qlobal Cənubla Qlobal Şimal arasında qarşılıqlı faydalı əlaqələrin qurulması üçün əlindən gələni edəcək.
Prezidentin çıxışında qeyd olunduğu kimi bu gün Bakıda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfələri göz qabağındadır. Prezident Liderlər Sammitində çıxışında bu məqama diqqət çəkərək vurğuladı ki, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan həmçinin təxminən 60 ölkəni birləşdirən İƏT-nın fəal üzvüdür. Eyni zamanda Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji Tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı olacağına əsas verir. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.
Prezident məzmunlu çıxışında ölkəmizə qarşı irəli sürülən ittihamlara da tutarlı cavab olaraq qeyd etdi ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0.7 faiz, qlobal qaz hasilatında isə 0.9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan , Azərbaycandan 30 qat artıq neft hasil edən ölkələrin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək üçün Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Dövlət başçımız ölkə göstəricilərinin qiymətləndirilməsində verilən meyarlara da toxundu. Ölkə başçısı nitqində Azərbaycanı bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan ölkə rəhbəri çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.
Göründüyü kimi hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Bu baxımdan COP29-un iştirakçılarının çoxluğu, ən əsası isə böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq.
Azadsöz.az