Azadsöz.az xəbər verir ki, bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 4 hərbçimizin nəşi dəfn olunub. Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan şəxslərdən 4 nəfərin – şəhid Camalov Elman Hüseyn oğlu (23.06.1970-26.01.1992), şəhid Əbilov Əbülfəz Əbülfət oğlu (12.02.1961-19.01.1994), şəhid Şirinov Tahir Şirin oğlu (23.08.1959-23.10.1993) və şəhid Hüseynov Cavanşir Ərşad oğlu (15.07.1960-23.10.1993) olduğu müəyyənləşib.
Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri vurğulayıblar ki, hər zaman əzizlərinin məzarının və ziyarət yerlərinin olmasını arzulayıblar. Bu arzularına çatdıqlarına, şəhidlərinin nəşinin tapılaraq gətirilib dəfn edilməsinə və dövlətimiz tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğının göstərildiyinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
***
12:42
Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızı itirməklə bərabər, Vətənimiz minlərlə şəhid verdi. Azərbaycan oğulları düşmənə qarşı mərdliklə, şücaətlə döyüşdü. Ölkəmizin hər kəndinə, şəhərinə şəhid xəbərləri gəldi. Dəfn edilən şəhidlərlə yanaşı, məzarları üzərinə naməlum şəhid yazılanlar da oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəmi 44 günə illərlə köz bağlayan dərdlərə, acılara son qoyuldu. Ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, itkin düşmüş insanların naməlum taleyinə də işıq salındı.
Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlər – hərbçi Hüseynov Cavanşır Ərşad oğlu və mülki Şirinov Tahir Şirin oğlu Azərbaycanın Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayətilə son mənzilə yola salınıb.
Şəhidlərin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Masazırdakı evlərinə gətirilərək ailə üzvlərinə təhvil verilib. Elə orada da vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, bütün şəhidlərin ruhuna dualar oxunub. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Qəhrəman şəhidlərin nəşi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hər iki şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib. Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.