Azadsöz.az xəbər verir ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri davam edir.
Aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımın aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.
Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılması, sonda qurğunun yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun olaraq həyata keçirilir. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə agentlik tərəfindən lazımi sayda qüvvə cəlb olunub.
Avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsin hərəkətin təmin olunması məqsədi ilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınıb.