Azadsöz.az xəbər verir ki, Azərbaycan COP29 zamanı 1 milyard dollar dəyərində İqlim Maliyyəsi Fəaliyyəti Fondunun (CFAF) yaradılmasını təsdiqləməyi təklif edir.
Bunu COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev COP29-un sədrliyinin Fəaliyyət Planının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, CFAF neft, qaz və kömür sektorunda fəaliyyət göstərən qalıq yanacaq hasil edən ölkələrin və şirkətlərin töhfələri hesabına kapitallaşdırılacaq.
“Azərbaycan bu fondun təsisçilərindən birinə çevriləcək”, – deyə Rəfiyev qeyd edib.
CFAF fondu 1 milyard ABŞ dolları həcmində kapitallaşdırmaq məqsədi daşıyan ilkin fandreyzinq mərhələsi başa çatdıqdan və 10 iştirakçı ölkə səhmdar kimi öhdəlik götürdükdən sonra fəaliyyətə başlayacaq.
CFAF istiləşməni 1,5°C-yə qədər saxlamaq üçün gələcək nəsil Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) tələblərinə cavab verməklə dəstəyə ehtiyacı olan inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrini hədəf alacaq.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.