Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Quzanlı” kafesində yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, ərzaq məhsullarının birbaşa döşəmənin üzərində saxlanıldığı aşkarlanıb.
Eyni zamanda istifadə edilən alət və avadanlıqların təmizliyinə müntəzəm olaraq nəzarət edilmədiyi, işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib.