Bu gün Azərbaycan NATO ilə istər təşkilat çərçivəsində, istərsə də bu təşkilata üzv olan ayrı-ayrı ölkələrlə ikitərəfli formatda əlaqələrini uğurla inkişaf etdirir. İlk növbədə qeyd etmək olar ki, Azərbaycan 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq(SNT) Çərçivə Sənədi imzalanıb və bu sənəd 1996-cı ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilərək NATO-nun Baş katibinə təqdim edilmişdir. 1997-ci ilin noyabrında isə Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Xüsusi məqamlardandır ki, NATO-ya üzv ölkələr 2006-cı ildə Riqada keçirilən Şimali Atlantika Şurası Toplantısında, 2008-ci ildə Buxarestdə keçirilən NATO/EAPC toplantısında və 2009-cu ildə Strasburqda keçirilən zirvə görüşlərində verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Azərbaycan prezidenti cənab İlham Əliyev 2012-ci ildə Çikaqoda, 2014-cü ilin sentyabrında Uelsdə, 2016-cı ilin iyulunda Varşavada NATO sammiti zamanı Əfqanıstanla bağlı Dövlət və Hökumət başçılarının görüşlərində iştirak etmişdir. Bütün bunlar Azərbaycan ilə NATO arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələrinin olduğunu göstərir. Bütün bu məqamlar martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxışlarında vurğulandı.
Şimali Atlantika Alyansının Baş katibinin prezident İlham Əliyevlə müzakirə etdiyi mövzular arasında enerji təhlükəsizliyi ilə bağlı gündəmə xüsusi yer ayrılması təşkilatın bu məsələlərdə Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini göstərir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Avropada Azərbaycanın NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliklərinin təminatında oynadığı önəmli rol bu təşkilatla münasibətlərin inkişafına mühüm töhfələr verir. Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxunaraq bildirdi ki, son vaxtlar qaz təchizatı baxımından Azərbaycanla əməkdaşlıq edən NATO-ya üzv və tərəfdaş ölkələrin sayı getdikcə artmaqdadır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.
Gözləmək olar ki, növbəti illərdə bu tərəfdaşların sayı bir qədər də artacaq. Əlbəttə ki, bütün bunlar Avropa ölkələrinin, o cümlədən NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın aparıcı mövqeyi daha da möhkəmlənəcək.
Azadsöz.az