Azadsöz.az xəbər verir ki, Avropanın qeyri-hökumət təşkilatları milli futbol komandalarına 2024-cü il Avropa çempionatı ilə bağlı müraciət ediblər. Onlar futbolçulardan həmin dövrdə ekoloji təmiz nəqliyyat növlərindən istifadə etməyi xahiş ediblər.
Bu barədə müvafiq məktubları imzalayanlardan biri – Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyası (T&E) xəbər verir.
Onlar bildiriblər ki, futbol komandaları insanların düşüncə tərzini və səyahət davranışlarını dəyişməyə kömək etmək üçün həm meydanda, həm də meydandan kənarda nəqliyyat seçiminə diqqət edə, bununla da iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilərlər. Belə ki, futbolçular yüksək emissiyalı hava səyahətlərindən çəkinməyə və xüsusilə dəmir yolu nəqliyyatına üstünlük verməyə təşviq edilir.
T&E hesab edir ki, əgər Fransa komandası Paderborndakı baza düşərgəsinə təyyarə ilə uçmaq əvəzinə Parisdən Dortmuna birbaşa qatar seçsə, CO2 emissiyalarını 98% azaldacaq.
T&E xatırladır ki, UEFA EURO 2024-ün təşkilat komitəsi daha əvvəl “Deutsche Bahn” şirkəti ilə azarkeşləri dəmiryolu ilə Almaniyanı səfərə təşviq edən müqavilə imzalayıb.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.