Azadsöz.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.
Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək “Elektron Resept” sisteminə daxil olmaq mümkündür.
Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.
Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi ilə (tel: (012) 596 07 12) əlaqə saxlaya bilərsiniz.