Azadsöz.az xəbər verir ki, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri 72,3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur”.
Bunu qurumun İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il üzrə xalis mənfəət 4,6 milyon manat, EBITDA (faizlərin, vergilərin, amortizasiya xərclərinin çıxılmasından əvvəl gəlirlərin həcminə bərabər analitik göstərici – red.) isə 11,5 milyon manat olub:
“Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub. Eyni zamanda, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb”.
Sədr vurğulayıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq:
“Büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub”.