Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan İntizam Əkbər oğlu Qaçayevin ad günü İkinci Ərəbcəbirli kənd qəbirstanlığında məzarı önündə qeyd edildi.
Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nazim Həşimov, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının xüsusi müxbiri Gülşən Muradova və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım günündə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğada olan torpaqlarımızı erməni qəsbkarlarından azad etdi. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad olundu, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Qaçayev İntizam Əkbər oğlu14.12.2001-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 23 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Gülşən Muradova