Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında 8 Noyabr – Zəfər günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, vətən müharibəsi əlilləri və iştirakçıları, rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Göyçay Rayon Heydər Əliyev Mərkəzində məktəblilərin Vətən müharibəsi mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göyçay Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə “8 Noyabr-Zəfər günü” adlı film nümayiş olunub.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və “8 noyabr – Zəfər günü” münasibətilə təbrik edib.Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Sonra şəhid Orxan Kərimlinin atası Akif Kərimov tədbir iştirakçılarını təbrik edərək diqqətə çatdırıb ki, Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev