Azadsöz.az xəbər verir ki, Baş Prokurorluq Qanunsuz silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuların könüllü təhvil verilməsinin hüquqi nəticələri barədə məlumat yayıb.
Məlumatda deyilir:
“Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur.
Qeyd olunan əməllər iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət qanunvericiliyinə əsasən qanunsuz odlu silah və digər qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Odur ki, vətəndaşları onlarda olan qanunsuz odlu silah və onun komplekt hissələrini, partlayıcı maddə və qurğuları təhvil verməyə çağırırıq.
Vətəndaşlar nəzərə almalıdırlar ki, hətta hadisələrin təsadüfi axını zəminində böyük ictimai təhlükə törətməyən cinayətin belə odlu silahla törədilməsi şəxsin məsuliyyətini ağırlaşdıran haldır. Həmçinin, odlu silah və digər döyüş sursatlarını saxlama potensial cinayət təhlükəsi yaradır və ağır nəticələrə səbəb ola bilər”.