Prezident İlham Əliyev qüdrətli və qalib Azərbaycanın güvənilən sərkərdəsi, tarixi zəfərlərimizin baş qəhrəmanıdır.
Düz 20 il əvvəl Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi bir müraciət etdi. Müraciətdə müstəqil Azərbaycan dövlətinin daha da inkişafı və qüdrətlənməsi üçün önəmli məqamlar var idi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Məhz Ulu öndərin bu tarixi müraciətinə yekdilliklə səs verən Azərbaycan xalqı 2003-cü ilin oktyabrın 15-də keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə cənab İlham Əliyevə etimad göstərdi. Bununla da Azərbaycan xalqı əmin-amanlığın, inkişafın və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə ölkəmizdə bu siyasətə alternativin olmadığını göstərdi.
İlham Əliyevin 20 illik prezidentliyi dövründə sıradan bir rəhbər olmadı, o, bütün varlığı ilə Azərbaycan dövləti və xalqının maraqları ilə yaşayıb, mübarizə apardı. Bu mənada İlham Əliyevin prezidentlik dönəmi birmənalı şəkildə çağdaş tariximizə Azərbaycan dövlətinin inkişaf və yüksəliş dövrü kimi daxil oldu. İlk gündən mükəmməl və dəqiq hesablanmış bu strategiya Azərbaycana tarixdə bərabəri olmayan misilsiz uğurlar bəxş etdi. Onun yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsi olaraq ölkə həyatının bütün sferalarında nailiyyətlərə imza atıldı, eyni zamanda həyata keçirilən tədbirlər Azərbaycanı beynəlxalq arenada regionun lider dövləti statusundan böyük güclərlə bərabərhüquqlu əməkdaşlıq zirvəsinə yüksəltdi.
Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və ən nəhayət qalib ölkə…
Bunlar qətiyyətli siyasətçi və müdrik lider prezident İlham Əliyevin son 20 ildə yaratdığı möhtəşəm reallıqlardır. Prezident İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 günlük Vətən savaşında son qoymaq mümkün oldu. Xalqımıza Qarabağ zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası ötən 20 ildə uğurla reallaşdı. Bu konsepsiyanın əsasını təşkil edən üç mühüm tendensiyanın – yenilməz iradə, müzəffər ordu, mübariz xalqın qətiyyəti sayəsində tarixi zəfərimiz reallaşdı.
Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ilk növbədə güclü iqtisadiyyat formalaşdırıldı. Məhz onun inqilabi xarakterli islahatları ilə Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlətə çevrildi. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirildi. Ulu öndərin düşünülmüş siyasətinin bəhrəsi olan 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə əsası qoyulan möhtəşəm neft strategiyası sonrakı illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə çağdaş dünyanın istək və çağırışlarına və ən əsası milli mənafelərimizə uyğun davam etdirildi. Eyni zamanda dövlətimizin başçısının təşəbbüsü ilə bir sıra qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi uğurlu nəticələrə gətirib çıxardı.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan qüdrətli Azərbaycan mövcuddur. Prezident İlham Əliyevin möhtəşəm siyasi bacarığı Azərbaycan dövlətinin geosiyasi uğurlar qazanmasına da geniş imkanlar açıb. Bu gün dünyada güclü Azərbaycanla hesablaşan tərəfdaşların sayı günbəgün artır. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada da təsdiqləyib. Ölkəmiz ən ziddiyətli beynəlxalq fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, prezident İlham Əliyevin beynəlxalq və regional təşəbbüslərinə həmrəyliyini ifadə edir.
Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması İlham Əliyev siyasətinin şah əsəridir. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik vətən həsrətinə son qoymaqla yanaşı, onun müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adının Azərbaycan tarixinə əbədi olaraq həkk etdirdi.
Bir sözlə Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Beləliklə, prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı. Ən başlıcası isə güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Qətiyyətli siyasətçi, polad iradəli ordu, müzəffər xalq məhz güclü liderimizin simasında bir daha dünyaya nümayiş olundu.
Bu gün prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsi Azərbaycan dövlətini daha da gücləndirmək, Azərbaycan Bayrağını ən uca zirvələrdə dalğalandırmaqdır. Və şübhəsiz ki, prezident İlham Əliyevin liderliyi ilə qüdrətli Azərbaycanımız bundan sonra da möhtəşəm zəfərlər qazanacaq, daha böyük tarixi nailiyyətlərə imza atacaqdır.
Azadsöz.az
Zivər Zeynalova