Azadsöz.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Qarabağın tacı olan Şuşa hər birimiz üçün müqəddəs və əziz məkandır.
Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin, tarixininin və şanlı zəfərinin təbliği istiqamətində olduqca mühüm hadisədir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkəmizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır.
Azərbaycan İƏT-nın fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Ölkəmiz təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycanın İƏT-da sədirlik mövzusunu “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırki dövürdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. Sözsüz ki, dayanıqlı inkişafı təmin edən təşəbbüslər rifah və quruculuq xarakteri daşıyır. Və eyni zamanda həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmaq hədəflənmişdir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradılacaq, avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Bu gün işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasında qarşıda duran ən mühüm məqsədlərdəndir. 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdır. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti üç ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Göründüyü kimi Azərbaycan xalqı əlamətdar və tarixi dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır.