20 Sentyabr 2024 10:28

Heydər Əliyev siyasəti  Azərbaycanın uğurlarının əsasıdır.

Azadsöz.az , Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından bizi qısa zaman kəsiyi ayırsa da qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, Ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çünki bu gün qüdrətli və qalib Azərbaycan məhz onun əbədiyaşayar ideyaları, zəngin siyasi irsi əsasında tərəqqi və zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır. Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı ölkəmizin milli maraqlarını daim uca tutmuş, vətən naminə fədakarcasına, əzm və qətiyyətlə çalışmışdır. Müdrik dövlət xadiminin bütün fəaliyyəti dövlətçilik tariximizin parlaq səhifələrini təşkil edir. Onun gərgin fəaliyyəti bugünkü qüdrətli Azərbaycanın formalaşmasına xidməti məramını daşıyırdı. Milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasət yürüdən dahi şəxsiyyət həyatını bütünlüklə ölkəmizin inkişafına, tərəqqisinə həsr etmiş eyni zamanda dünya miqyasında güclü Azərbaycan imicinin formalaşmasına nail olmuşdur.

Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Ulu öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xöşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması idi. Çox da uzaq tarix olmadığı üçün hamımız yaxşı xatırlayırıq, həmin dövrdə ölkə çətin hətta çıxılmaz durumda idi. Bir tərəfdən ölkənin ağır sosial-iqtisadi durumu fonunda hakimiyyət davası, digər tərəfdən bədnam qonşularımızın əssasız ərazi iddiaları və bununla bağlı başladıqları elan olunmamış müharibə Azərbaycanın mövcudluğunu faktiki olaraq sual altına almışdı. Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilib həyata keçirilməsi qarşıda duran ən vacib məsələlərdən idi. Ulu öndər o zaman çıxışlarında hər zaman bəyan edirdi ki, Azərbaycanın sağlam, düşünülmüş, uzaqgörən xarici siyasəti elə qurulmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlaya bilsin, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Ulu öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlər həmin dövrdə əvvəlki hakimiyyətin yürütdüyü özünütəcrid xəttini tamamilə aradan qaldırıb milli maraqları önə çəkmək idi. Ümummilli lider haqlı olaraq özünütəcrid siyasətini “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ulu öndərin xarici siyasətdə əsas prioritet kimi müəyyənləşdirdiyi istiqamət Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması idi. Bu istiqamətdə aparılan ən mühüm fəaliyyət erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi oldu. Həmin dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanaraq Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapmışdı.

Ulu öndərin yürütdüyü xarici siyasətin əsas hədəflərindən biri də qonşu və dünya dövlətləri ilə münasibətlərin uğurla həyata keçirilməsi idi. Ulu öndər deyirdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”.

Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranmasının, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bilən Ulu öndər şimal qonşumuzla əməkdaşlığa həmişə böyük önəm vermişdir. İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur.

Dünyanın ən böyük, qüdrətli dövləti olan ABŞ ilə münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamaq lazımdır. Ulu öndər çıxışlarının birində demişdir: “Biz ABŞ ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə – dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daima bəhrələnirik”.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi, qardaş ölkənin beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdaşı kimi çıxış etməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ölkəmizə göstərdiyi səyləri dəstəkləməsi də hələ Ulu öndərin vaxtında əsası qoyulan “Bir millət, iki dövlət” şüarının təsdiqidir. Ulu öndər çıxışlarının birində vurğulamışdır: “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”. “Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”. Azərbaycan prezidenti İlham Əliyevin bu siyasi kursu daha da təkmil şəkildə gerçəkləşdirməsi nəticəsində hazırda hər iki qardaş ölkə regionda söz sahibi olan güclü dövlətlərdəndir.

Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri – Böyük Britaniya, Almaniya, İtaliya kimi bir çox nüfuzlu müttəfiqlər qazanması, eləcə də digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Heydər Əliyevin xarici siyasətinin özünəməxsus dəsti-xəttinin parlaq təzahürü idi.

Əsası Ulu öndər tərəfindən qoyulmuş xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com