Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Kərimli Orxan Akif oğlunun mövlud günü Göyçay Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.
Tədbirdə RİH başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidimizin təhsil aldığı Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin müəllim kollektivi, şagirdlər, şəhid ailələri, ictimaiət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım günündə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını diqqətə çatdırıblar.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına çay süfrəsi verilib.
Xatırladaq ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev