Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Ülkər Səttarova 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2008–2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr dərəcələrini alıb. 2011–2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə dissertantura, 2014–2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə doktorantura təhsili alıb. 2020-ci ildən Niderland Krallığının Maastrixt Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Ülkər Səttarova 2004–2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Qeyd edək ki, Ülkər Səttarova Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.