Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal Arif oğlu Məmmədovun üçüncü ildönümü Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Anım günündə çıxış edənlər Rəşadətli Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdığını diqqətə çatdırıblar. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıblar.Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən Xəyal kimi oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Birinci Ərəbcəbirli kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Xəyal Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılıb, top komandiri olub. İlk olaraq Tərtər, daha sonra Ağdərə və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.Oktyabrın 2-də aldığı ağır güllə yarasından şəhadətə yüksəlib.Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev