Azadsöz.az xəbər verir ki, bu günlər çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan İkinci Qarabağ müharibəsində böyük fəxarət və şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın anım gününü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qələbə salnaməsinin ilk günü olan 27 sentyabr tarixi tariximizə əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin qətiyyəti, Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi qüdrəti, müasir ordu quruculuğu və Prezident-xalq birliyi İkinci Qarabağ müharibəsində Qələbəmizi təmin edən mühüm amillər oldu. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, müzəffərliyinin, məğrurluğunun eyni zamanda dünyaya təqdimatı oldu. Bir daha sübut olundu ki, yalnız tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Ermənilər illərdir himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırmağa çalışsalarda sonda yenə də sözünü deyən tarixi faktlar oldu. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yaradaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
30 il Qarabağ həsrəti ilə alışıb-yanan ürəklərin fəryadı, 30 il Qarabağa qayıdacağı ümidi ilə yaşayan gözü yaşlı insanların duaları və ən başlıca olaraq yenilməz iradə, qətiyyətli siyasət və qəhrəman vətən övladlarının şücaəti, fədakarlığı sayəsində nəhayət ki, Zəfər günü yetişdi. Xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtilə böyük uzaqgörənliklə söylədikləri bu gün artıq Azərbaycanın reallığıdır: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qayıdacaqdır. Nəyin bahasına olursa olsun”. Doğma Qarabağımızın işğaldan azad olunması ulu öndərin ən böyük arzusu və vəsiyyəti idi. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan torpaqlarımızı qarış-qarış yağı düşmən caynağından xilas etməklə həqiqətən də adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirən böyük sərkərdə oldu.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.” – deyən Ali Baş Komandan sözü ilə əməlinin hər zaman üst-üstünə düşdüyünü və sözünün imzası qədər dəyərli olduğunu sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi: “Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik”. İnanırdıq, xalq olaraq inanırdıq. Bu inam 2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci il Tovuz döyüşlərində, həmçinin avqust təxribatlarında təcavüzkarlara layiqli cavab verildikcə daha da gücləndi. Və nəhayət şanlı Vətən müharibəmiz bu inama daha böyük güc qatdı və prezidentə olan inamı və etimadı daha da gücləndirdi. Xalqımız “Dəmir yumruq” ətrafında sözün həqiqi mənasında yumruq kimi birləşdi. Ali Baş Komandanın dediyi “Bizim işimiz haqq işidir, biz qalib gələcəyik” kəlamı hər bir azərbaycanlıda müsəlləh əsgərəm mən də bu gündən şüarını reallaşdırdı. Və birlik ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan ordusunun misilsiz rəşadəti, vətən uğrunda öz şirin canlarını fəda edən mərd oğullarımızın hünəri, xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı qələbəsi kimi salnaməyə qızıl hərflərlə yazıldı. Bu qələbə milli iradə, milli ruh, milli ləyaqətin təntənəsi oldu. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq torpaqlarımızı azad etməklə yanaşı, həm də tarixi, beynəlxalq ədalətə rəvac verdi.
44 günün hər günü, hər dəqiqəsi, hər saniyəsi qəhrəmanlıq salnaməsi olan şərəfli qələbəmiz xalqımızın bir daha yenilməzliyinin, mətinliyinin, vətənpərvərliyinin başlıca təcəssümü oldu. Azərbaycan xalqı nə qədər böyük, nə qədər vətənpərvər, nə qədər dəmir iradəyə malik bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü topladıq və dedik ki, artıq yetər ki, biz bunlara səbr etdik.
44 günlük Vətən müharibəsi bizə eyni zamanda dostlarımızı və düşmənlərimizi tanıtdı. Tarixi əlaqələrə söykənən qardaş Türkiyə dövləti ilə olan münasibətlərimiz müharibə dövründə bir daha bir-birimizə sadiqliyimizi bütün dünyaya bəyan etdi. Vətən müharibəsinin 44 gün müddətində mənəvi yanımızda olan qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqı ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət”, Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” – deyərək birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Və bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq.
Tarixi Zəfərimiz bugünkü reallıqlarımızın və gələcəyimizin əsasıdır. Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir.
Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bu ədalət güclü lider, müdrik siyasətin qətiyyətidir. Bu ədalət müzəffər ordunun qəhrəmanlığının, şücaətinin nümayişidir. Bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” nidasını tarixi torpaqlarımızın hər qarşına əbədi həkk etdirir.
Milli həmrəyliyimizin təcəssümü olan bu qələbə tarixdə əbədi qalacaq. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Birinci Qarabağ və İkinci Qarabağ müharibəsinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədəkarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!