30 Noyabr 2024 10:30

“Azərbaycanla Mərkəzi Asiya Dövlətləri arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir”- Zivər Zeynalova

Azadsöz.az xəbər verir ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Və xüsusən son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etmək və ümumi səylər göstərməyi tələb edir.

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Azərbaycan prezidentinin cari ilin 14 sentyabr tarixində Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı bunu bir daha sübut edir. Azərbaycanın dövlət başçısının görüşə fəxri qonaq qismində dəvət olunması isə onun nüfuzunun, ölkəmizə göstərilən ehtiramın bir daha bariz ifadəsidir. Və Azərbaycan prezidentinin çıxışı, eləcə də çıxışda toxunulmuş məqamlar yalnız Azərbaycan üçün deyil, Mərkəzi Asiya üçün deyil, Avrasiya üçün, bütövlükdə beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsirlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Düşənbə Sammitində çıxış edən möhtərəm dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki, 30 ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, süverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir. Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-a təsadüf edir. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda  səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci ilin martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Prezidentin vurğuladığı kimi, bu gün isə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın iş birliyinin dinamikası yüksələn xətt üzrə inkişaf edir. Son iki il ərzində prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 9 səfər etmişdir. Eyni zamanda bu müddət ərzində qardaş, dost dövlətlərin başçıları da Azərbaycana səfərlər ediblər. Təbii ki, qarşılıqlı səfərlər, ətraflı müzakirələr də güvənli münasibətlərin göstəricisi kimi çıxış edir. Bəlli olduğu kimi, Azərbaycanın dövlət başçısı bu il Tacikistana iki dəfə səfər edib. Apreldə baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar, imzalanmış sənədlər dövlətlərarası münasibətlərimizin strateji xarakterini bir daha təsbit və təsdiq etmiş oldu.

Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Sammitdə çıxışı zamanı bu kimi vacib məqamlara toxunan dövlət başçımız Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində regional əməkdaşlığın yeni formatının inkişaf etdirilməsini ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacağını xüsusi vurğuladı. Cənab prezidentin öz çıxışında qeyd etdiyi kimi, artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları da getdikcə artır. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.

Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq struktur çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.

Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturunun yaradılması və ölkəmizin beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunması, habelə Azərbaycanın reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir.

Cənab prezidentin vurğuladığı kimi, səmərəli iş birliyinin danılmaz siyasi, iqtisadi göstəriciləri, bəlli nəticələri vardır.

Beləliklə, Azərbaycan prezidenti cənab İlham Əliyevin məlum səfəri Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

 

Zivər Zeynalova

Ankara escort İstanbul Travesti Shemale İstanbul