Azadsöz.az xəbər verir ki, Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına yol verilməklə həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlir qanunsuz gəlir hesab olunur.
Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.
Layihəyə əsasən, Rəqabət komissiyası tərəfindən maliyyə sanksiyalarının müəyyən edilməsi zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi nəzərdə tutulan maliyyə sanksiyasından çox olduğu aşkar edildikdə maliyyə sanksiyasının məbləği fərqə mütənasib olaraq artırılır və əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq edilir.
Nəzərdə tutulan əlavə maliyyə sanksiyası rəqabət orqanı tərəfindən aşağıdakı hallarda tətbiq edilmir:
– tələb olunan sənəd və məlumatlar bazar subyekti tərəfindən tam və vaxtında təqdim edildikdə;
– bazar subyekti işə baxılma zamanı rəqabət komissiyası ilə tam əməkdaşlıq etdikdə;
– tətbiq edilə biləcək maliyyə sanksiyasının bazar subyektinin maliyyə vəziyyətini ağırlaşdıra biləcəyi müəyyən edildikdə.
Qeyd edilən sonuncu müddəa Rəqabət qanunvericiliyinin pozulması nəticəsində qanunsuz gəlirin əldə olunmasına təkrar yol verən bazar subyektlərinə tətbiq edilmir.