30 Noyabr 2024 07:54

Prezident türk dövlətlərinin nazirlərini qəbul etdi – YENİLƏNİB FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları – Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

– Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclası öz işinə başlayır. Bu, çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.

Bildiyiniz kimi, iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcəkdir. İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir. Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyəyə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq, bir daha başsağlığı vermək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir. Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq.

Azərbaycanın bu istiqamətdə təcrübəsi kifayət qədər böyükdür. Son illər ərzində maddi-texniki bazamızın möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, xilasedicilərin peşəkarlığı artıb. Bütövlükdə bizim müxtəlif bölgələrdə, o cümlədən Türk dünyasını birləşdirən ölkələrdə apardığımız xilasedici missiyalarımız əyani şəkildə bizim imkanlarımızı və niyyətimizi göstərir. Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik.

Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır.

Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq.

Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq.

Mən bir daha sizi salamlayıram. Sizə uğurlar, yaxşı nəticələr arzulayıram. Təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına mənim səmimi salamlarımı çatdırın.

x x x

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev çıxış edərək dedi:

– Möhtərəm Prezident, sabahınız xeyir.

Hörmətli İlham Heydər oğlu, vaxt tapıb bizi qəbul etdiyiniz üçün Sizə nümayəndə heyəti adından və şəxsən öz adımdan təşəkkürümü bildirmək istəyirəm. Siz də öz çıxışınızda qeyd etdiyiniz kimi, bu, Sizin və dövlət başçılarının təşkilatımıza və fəaliyyətimizə diqqətinin göstəricisidir.

Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin əhəmiyyətinə toxundu. O, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi dəstəyi xüsusi qeyd edərək bildirdi:

– Fürsətdən istifadə edərək, bir daha Sizə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyiniz ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Zati-aliləri, bütün dünyada sürətli dəyişikliklər, həmçinin mühüm hadisələr, qlobal və regional səviyyələrdə çağırışlar türk coğrafiyasında inteqrasiya üzrə əməkdaşlığı daha əhəmiyyətli, xalqlarımızı isə daha yaxın edir. Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir. 2023-cü il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dağıdıcı zəlzələlər zamanı biz şahidi olduq ki, təkcə dövlətlər deyil, həm də xalqlarımız ayağa qalxdı və qardaş Türkiyəyə görünməmiş həmrəylik nümayiş etdirdi və yardım göstərdi.

Kubanıçbek Ömüraliyev təbii fəlakət və fövqəladə hallarla mübarizədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səyləri birləşdirməsinin vacibliyinə toxundu. Qonaq Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ilin martında Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirildiyini xatırladaraq həmin tədbirdə vacib qərarların qəbul edildiyini vurğuladı.

x x x

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya çıxış edərək dedi:

– Hörmətli cənab Prezident, əvvəlcə sıx qrafikinizdə vaxt ayırıb bizi qəbul etdiyiniz üçün təşəkkürlərimi bildirirəm.

Sizə cənab Prezidentimizin ən səmimi salamlarını gətirmişəm.

Bu gün burada – qardaş Azərbaycan torpaqlarında olmaqdan böyük məmnunluq duyuram. Hörmətli Prezidentimizin və Zati-alinizin himayəsi ilə inkişaf edib güclənən əməkdaşlığımızın dünyada tayı-bərabəri yoxdur. Biz də Daxili İşlər Nazirliyi olaraq, Azərbaycanın qurumları ilə əməkdaşlığımızı səmimiyyət və təmənnasızlıq əsasında inşa etmişik. Bu müddətdə keçirdiyimiz görüşləri isə diplomatik təmasdan daha çox qardaşlıq həmrəyliyimizin bir ifadəsi olaraq görürük.

Hörmətli cənab Prezident, icazənizlə, Qəhrəmanmaraş zəlzələlərində Can Azərbaycanımızın uzatdığı yardım əlini hüzurunuzda bir daha minnətdarlıqla yad etmək istəyirəm. Məlum olduğu kimi, çox böyük bir acını geridə qoymağa çalışırıq. Bu dövrdə Zati-alinizin liderliyi ilə Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq. Yardımımıza ilk gələn Azərbaycan olduğu kimi, ən son ayrılan axtarış-xilasetmə heyətləri də yenə Azərbaycanın heyətləri olmuşdur. Bütün maddi və mənəvi dəstəklərini bizə çatdırmaq üçün səfərbər olan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı nə qədər ifadə etsək azdır.

Türkiyənin daxili işlər naziri təbii fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat verdi, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan danışdı və bu əməkdaşlığı hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinə əsaslanaraq daha da gücləndirəcəklərini bildirdi. Qonaq Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşünün önəmini qeyd edərək dedi:

– Hörmətli cənab Prezident, hüzurunuzda olmaqdan duyduğum məmnuniyyəti bir daha ifadə edir, bu sıx qrafikinizdə bizə vaxt ayırdığınız üçün təşəkkürlərimi bildirirəm. Həmçinin yaxınlaşmaqda olan Qarabağ Zəfərimizin ildönümü münasibətilə qardaş Azərbaycanımızı təbrik edir, şəhidlik zirvəsinə yüksəlmiş bütün azərbaycanlı qardaşlarımızı rəhmət və minnətlə anıram. Sizə ehtiramımı ifadə edirəm, cənab Prezident.

x x x

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Dövlətimizin başçısı Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.


*****

10:21

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları – Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Prezident türk dövlətlərinin nazirlərini qəbul etdi - FOTO

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul