Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Georgian Wings” aviaşirkətinin ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri, eləcə də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər. Ölkələr arasında əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyəti vurğulanıb.
“Aeroportumuz beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı inkişafına və genişlənməsinə sadiqdir və bu marşrutun istifadəyə verilməsi iki ölkə arasında turizmin, biznesin və mədəni mübadilənin inkişafı üçün daha da geniş imkanlar açır”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.
“Biz Tbilisi-Bakı marşrutu üzrə “Georgian Wings” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu enişini qeyd etməkdən qürur duyuruq. Bu mühüm məqam Gürcüstanla Azərbaycan arasında bizim yaxın dost qonşuluğumuzu vurğulayır. Bu marşrut bizim üçün ölkələrimiz arasında turizm, biznes və mədəni mübadiləni inkişaf etdirmək üçün sonsuz imkanlar açır. Müntəzəm reyslər bu həftədən etibarən ATR72-500 təyyarələri ilə başlayacaq və Tbilisi ilə Bakı arasında rahat uçuşlar həyata keçiriləcək. Yeni üfüqlər açmaq və tərəfdaşlığımızı gücləndirmək üçün biz hər kəsi “Georgian Wings”in göyərtəsində gözləyirik”, – “Georgian Wings” aviaşirkətinin baş direktoru Edison Pipia bildirib.
“Georgian Wings” Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.