27 İyul 2024 05:05

Seldən ziyan çəkən Göyçayın bu kəndlərində işlər davam edir-FOTO

Azadsöz.az xəbər verir ki, 26 avqust 2023-cü il tarixdə rayon ərazisinə yağan güclü leysan yağışları nəticəsində baş vermiş seldən daha çox ziyan çəkən Qaraməryəm, Qarayazı və Aşağı Qaraməryəm kəndlərində fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qarayazı beton kanalında 0,6 km məsafədə kanal lil və çöküntülərdən təmizlənmiş, Aşağı Qaraməryəm suvarma arxının Dəvəbatan çayının sağ sahilinin yuyulmuş hissəsinin bərpa edilməsi məqsədilə diametri d=800 mm və uzunluğu L=25 p.m olan metal boru quraşdırılmış, rayonun Qarabaqqal suvarma arxı üzərindəki tullantıların məişət tullantıları poliqonuna toplanması üçün xüsusi texnikalar cəlb edilibdir.

“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi tərəfindən rayonun Aşağı Qaraməryəm və Qarayazı kəndlərində istismara yararsız hala düşmüş paylayıcı və daşıyıcı qaz kəmərləri üzərində təmir-bərpa işləri aparılmış və abonentlərin təbii qazla təchizatı bərpa olunubdur.

“Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən rayonun Qaraməryəm kəndində Bığır yarımstansiyasından qidalanan 10 kV-luq 3-cü kənd hava xəttində yararsız vəziyyətə düşən 150 metr naqil yenisi ilə əvəz olunmuş, Aşağı Qaraməryəm kənd ərazisində 410 metr naqil çəkilmiş, 4 ədəd 0,4 kV-luq metal dayaq quraşdırılmış, 280 metr naqil və 130 metr 2×16 markalı kabel xətti çəkilibdir.

“Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsi tərəfindən rayonun Qaraməryəm və Qarayazı kəndlərində yararsız hala düşmüş 160 metr içməli su borusunda əsaslı təmir işləri aparılaraq istismara verilibdir.

“AzTelekom” MMC-nin Aran Regional Filialının Göyçay şöbəsi tərəfindən sel zamanı yararsız hala düşmüş 410 metr kabel və 4 ədəd rabitə dirəyi yenisi ilə əvəz edilərək seldən ziyan çəkmiş kəndlərdə bütün rabitə xidmətləri bərpa olunubdur.

Selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində göstərilən operativ fəaliyyətə görə rayonun xidmət təşkilatlarının əmək kollektivləri  güclənmiş  iş  rejimindən çalışıblar.