Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.
Generalın vəkili Rəşad Mirmehdizadə bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib və bu proses davam edir. Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib. Yüksəkvəzifəli maliyyə xidməti rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs olunub.