Azadsöz.az xəbər verir ki, cari ilin 16 avqust tarixində keçirilmiş BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası Azərbaycanın diplomatik qələbəsidir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün keçirilən təcili iclas bir çox məqamlara aydınlıq gətirdi. Bu müzakirələri öncə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun növbəti təqdimatı kimi dəyərləndirmək olar. 27 il Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanın Qarabağ məsələsi ilə bağlı təcili iclasın keçirilməsini tələb etməsi, ən əsası bu tələbin dərhal yerinə yetirilməsi maraq doğuran məqamlardandır. Azərbaycan dövləti ən yüksək tribunalardan, o cümlədən BMT tribunasından dünyaya çağırış edir ki, ikili standartlara əsaslanan siyasətə son qoyulmalı, BMT qətnamələrinin icrası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır.
Tarixi zəfərimizdən sonra 2021-ci ildə keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində dövlət başçısı İlham Əliyev videoformatda çıxışında işğal dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yolverilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmi yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Bu məqamda qeyd edilmişdir ki, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət isə bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciətinə uyğun olaraq aparılan müzakirələr məhz bu məqamların təqdimatı oldu. Ermənistan müzakirələrə nail olsa da diplomatik qələbəyə imza atan Azərbaycan oldu. Bu müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticəsi bir daha beynəlxalq hüququn, haqq-ədalətin Azərbaycanın tərəfində olduğunu sübut etdi. Bu təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun, tarixi həqiqətlərə, real faktlara əsaslanan uğurlu siyasətinin göstəricisidir. Azərbaycanın tarixi zəfərində diplomatik uğurlarımız öz sözünü dedi. Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu, beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycana dəstək, Ermənistanın işğalçılıq siyasətinin pislənilməsi ölkəmizin xarici siyasətinin uğurudur. BMT tribunasından belə müzakirələrə ehtiyac olmadığı bir daha təsdiq olundu.
Bir mühüm məqama da diqqət yönəldildi ki, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətandaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və konstitusiyada, Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir.
BMT Təhlükəsizlik Şurasının müzakirələri növbəti dəfə Azərbaycanın diplomatik gücünü göstərdi və bir daha bu reallığı təsdiqlədi ki, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin, ərazi bütövlüyünün tanınmasıdır.
Beləliklə, Vətən müharibəsində olduğu kimi, diplomatik masada da qalib prezident İlham Əliyevin lideri olduğu qüdrətli Azərbaycandır.