“MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək”.
Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MDB ölkələrinin II Oyunlarının açılışı ərəfəsində “Xatın” memorial kompleksində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanda idman tədbirlərinin keçirilməsində artıq yaxşı təcrübə var:
“Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, daha çox regionları daxil edək. Bütün qonaqlarımızı təəccübləndirəcəyimizə inanıram”.
Baş katib 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarına qatıldığını bildirib.
“Bu oyunlar təşkilatçılıq və idman proqramı baxımından çox yüksək səviyyədə keçirildi. Demək olar ki, bütün yarışların keçirildiyi yerlərdə olduq. Minskdə olan zaman burada çoxlu idman obyektlərini gördüm. Belarus idman ölkəsidir.
MDB oyunları artıq ikinci dəfədir keçirilir. Hesab edirəm ki, onlar daha da populyarlaşacaq. Burada, əsasən, gənc idmançılar çıxış edirlər və bu, onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı yaradır. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”, – A.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan komandası say baxımından üçüncü yerdədir – Oyunlara 16 idman növünü təmsil edən 177 idmançı gəlib.