Azadsöz.az xəbər verir ki, Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
TƏBİB-dən verilən xəbərə görə, mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
“Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi çərçivəsində Yaponiyanın “Mitsubishi” şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması təmin edilib.
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88 996 ABŞ dolları (150 404 manat) məbləğində qrant ayrılıb.
Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi bildirib ki, 2000-2022-ci illər ərzində Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi layihələrin həyata keçirilməsi üçün “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Sözügedən layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.