Göygöldə fəaliyyət göstərən kolbasa məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar edilib.
Bu barədə “Azadsöz.az”-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.