Azərbaycan xalqının çoxəsirlik tarixində və taleyində müstəsna rol oynayan dahi şəxsiyyət, xarizmatik lider, dünya şöhrətli siyasi xadim Heydər Əlirza oğlu Əliyev xalqımızın taleyinə düşən misilsiz bir sərvətdir.
Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan müstəsna bir taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaranmasına və inkişafına həsr edən bu dahi şəxsiyyətin əvəzolunmaz irsi xalqımızın yaddaşında əbədi olaraq yaradıcı, qurucu və xilaskar obrazı kimi əbədiləşmişdir. Sözsüz ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin saxlanılması, bu dəyərlərin ümumbəşəri idealarla daha da zənginləşdirilməsi, ilk milli konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətimizin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin həyata keçirilməsi və bu kimi digər mühüm tədbirlərin reallaşdırılması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətmətləri sayəsində gerçəkləşdirilmişdir.
Xalqımız qarşısında Ulu öndərin misilsiz xidmətlərindən bəhs edərkən qürurla qeyd etmək lazımdır ki, onun ən böyük şah əsəri bugünkü qüdrətli və müstəqil Azərbaycandır. Məhz onun tarixi xidmətləri müasir dünyada qalib Azərbaycan imicinin yaranmasında əsaslı rol oynamışdır. Bəllidir ki, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu əslində 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. 1991-ci ildə ölkəmiz müstəqilliyini yenicə bərpa etməsinə baxmayaraq, ölkədə baş verən ictimai-siyasi proseslərlə əlaqədar, eyni zamanda Ermənistanın hərbi təcavüzü onun itirilməsi təhlüksəni labüd edirdi. Belə bir vəziyyətdə Azərbaycanın düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilərdi. Ulu öndər Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi belə bir tarixi və taleyüklü məqamda bu şərəfli missiyanın layiqincə icrasına başladı.
1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ümummilli lider Heydər Əliyev Ali Sovetin Sədri kimi ilk gündən parlamentalizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsiplərinə üstünlük verdi, ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görməyə başladı. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında prezident səlahiyyətlərinin Ali Sovetin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu. Az müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi gün parlamentin tarixi iclasında çıxışı zamanı belə qeyd etmişdir: “Azərbaycan Respublikasının bugünkü ağır və gərgin vəziyyətini tam məsuliyyətimlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasını ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonraki hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq demək istəyirəm ki, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqın iradəsinə tabe olan Ulu öndər ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edərək çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Bu sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi.
Bu gün ərazi bütövlüyünü təmin etmiş, iqtisadi və siyasi qüdrəti ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycan ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı, yüksək intelektli, praqmatik düşuncəli, müasir dünya siyasəti və idarəetməsinə dərindən bələd olan möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində özünün ən yüksək inkişaf və tərəqqi dövrünü yaşayır.
Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının təməlini qoyduğu siyasi kursun strateji inkişaf xəttinin əsas qayəsi uzaq gələcəyə hesablanmış bir proqramdır. O siyasi kurs ki, sabahı işıqlı və xoşbəxt gələcəyə doğru hədəflənmişdir.
Beləliklə, 30 il öncə vətən və xalq sevgisi ilə ona rəhbərlik məqamının Heydər Əliyev şəxsində ifadəsi dövlətçiliyimiz tarixində ən yüksək zirvəni fəth edərək, doğma Azərbaycanımızın bütün dünyada güclü və qüdrətli dövlət olaraq tanınmasında əsaslı rol oynadı.
Azadsöz.az