Azadsöz.az xəbər verir ki, 16 iyun 2023-cü il tarixində Göyçay Dövlət Peşə Liseyində “Açıq qapı” tanıtım tədbiri keçirilib.
Tədbirdə Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, hazırda təqaüddə olan müəllim Fərhad Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Çoşqun İsmayılov, həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri, valideynlər və şagirdlər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Günel Əhmədova qonaqları salamlayaraq iştirakçılara müəssisə haqqında ətraflı məlumat verib. Bildirib ki, Bugünkü tədbir respublikanın müxtəlif yerlərində silsilə şəklində keçirilən “Açıq qapı” günlərindən biridir. Məqsəd orta məktəb şagirdlərini, rayon ictimaiyyətini, işəgötürənləri Mərkəzlə, eləcə də peşə hazırlığı ilə bağlı məlumatlandırmaq və gənclərə peşə seçimində kömək olmaqdır.
Daha sonra tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində görülən işlərə toxunub. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhsilinin uğurlu inkişaf etməsi və ön cərgələrdə olması dövlət başçısının əvəzsiz xidmətlərindən xəbər verir.
Daha sonra tədbirdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Çoşqun İsmayılov, Göyçay Peşə Liseyinin qocaman müəllimi olmuş Fərhad Əliyev və digərləri çıxış edərək müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olmasını vurğulayıblar.Ölkədə təhsil sisteminin tərkib hissəsi olan peşə təhsilinin yüksəlişinin məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərə təsadüf etdiyini diqqətə çatdırıblar.
Rəsmi hissədən sonra Liseyin tələbələrinin ifasında Azərbaycanın qədim xalq rəqslərindən olan “Uzundərə” rəqsi təqdim olunub.
Tədbirin yekununda qonaqlar tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.