Azadsöz.az xəbər verir ki, 8 iyun 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Göyçay rayonunun Kürdşaban kənd orta məktəbində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində şagirdlərlə növbəti görüş keçirilib.
Görüşdə Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev, Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Vüsal Zöhrabov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay rayon üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Daha sonra çıxış edənlər bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün bu istiqamətdə mühüm addımlar atmalı, var qüvvəsi ilə çalışmalı olduğunu diqqətə çatdırıblar.Gənclərin mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə məlumatlı olduğunu bildiriblər.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.