Azadsöz.az xəbər verir ki, sanitar-təmizliyin yaxşılaşdırılması məqsədilə rayonun bütün küçələrində və prospektində gündəlik olaraq Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik şöbəsinin işçiləri tərəfindən təmizlik işləri aparılmasına baxmayaraq, bəzi məsuliyyətsiz rayon sakinlərinin xoşagəlməz hərəkətləri ilə rastlaşırıq .
Belə ki, çoxmənzilli və fərdi yaşayış evlərində, ticarət, ictimai iaşə və xidmət obyektlərində təmir-tikinti işləri aparan vətəndaşlar təmir aparılarkən çıxarılan iri həcmli təmir-tikinti tullantılarını, iri taxta, daş-kəsək parçalarını, sement kisələrini, müxtəlif köhnə divan, kreslo və digər sıradan çıxmış mebel avadanlıqlarını məişət tullantılarının yığılması üçün qoyulan konteynerlərə atırlar və ya yolun kənarına torbalarda qoyurlar.
Bildirək ki, dünən gecə saatlarında rayonun Heydər Əliyev prospektində bu cür xoşagəlməz mənzərə ilə üzləşilib.Belə ki, prospektdə təmir işi aparan iaşə obyekti tərəfindən obyektdən çıxarılan daş-kəsək parçaları və digər tullantılar torbalara yığılaraq yolun kənarına qoyulub. Məsələ ilə bağlı həmin şəxslərə qarşı müvafiq ölçü götürülməsi üçün əraziyə Göyçay rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.
Rayonun təmizliyinə xələl gətirən sakinlərimiz unutmasınlar ki, Sanitar-Təmizlik şöbəsinin vəzifə borcu məişət tullantılarını təmizləməkdən ibarətdir.Məişət tullantılarına aid olmayan bu cür tullantı parçalarını təmizləmək onların səlahiyyətinə daxil deyil.