Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Məhəmməd Yunis Əl-Mənfiyə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Azərbaycanın xarici siyasətində Ərəb dövlətləri ilə əlaqələrin inkişafının prioritetlərdən biri olduğunu deyən dövlət başçısı Ərəb Dövlətləri Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb, bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğulayıb.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu və onun böyük əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd Yunis Əl-Mənfi bu tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizin sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd edib.
Liviya Dövləti Prezident Şurasının sədri dövlət başçısının Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitindəki çıxışını diqqətlə dinlədiyini məmnuniyyətlə vurğulayıb.
Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi deyib ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.
Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirilib, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunulub.
***
Azadsöz.az xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanla görüşüb.
Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb. Dövlət başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.
Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Baş nazir bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edib, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğulayıb.
Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu ilin sonunda başa çatacağını vurğulayan dövlətimizin başçısı deyib ki, ölkəmiz sədrliyi dövründə Hərəkatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.
Prezident İlham Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.
Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğulayıb.
***
Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.
***
Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.