Azadsöz.az xəbər verir ki, 16 fevral 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Yeniarx kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək Yeniarx kəndinin eləcə də rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən və həmçinin görüləcək işlərdən danışıb. Ölkə başçısının tapşırıqlarına əsasən əhali ilə mütamadi olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərə daha yaxın olmaq, onları narahat edən məsələləri öyrənmək və həlli istiqamətində işləri həyata keçirmək lazım olduğunu vurğulayıb.
Daha sonra Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Əhməd Məmmədov çıxış edərək kənd haqqında rəhbərliyə, görüş iştirakçılarına geniş məlumat verib.
Görüşdə kənd sakinləri istifadə müddətini başa vurmuş transformatorun yenisi ilə əvəz olunması, baxça və məktəbin əsaslı təmiri ilə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.