Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Həsən Bayramovun ikinci ildönümüdür. Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olub.2019-cu il iyulun 3-də hərbi xidmətə çağırılıb.
Həsən Bayramov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində döyüşlərə qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.13 dekabr 2020 ci ildə Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Həsən Bayramov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Xatırladaq ki, bu gün Göyçayın ən abad küçələrindən biri şəhid Həsən Bayramovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilib.