Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Salmanov Paşa Həkim oğlunun ikinci ildönümü Çərəcə kənd qəbristanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev , İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, dindarlar, ağsaqqalar, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, Paşa kimi şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər, zabitləri, Vətən uğrunda canından keçən qəhrəman şəhidləri və qazilərimizlə fəxr etdiyini və qürur duyduğunu diqqətə çatdırıb.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.
Daha sonra digər natiqlər çıxış edərək Paşa Salmanovun qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Çərəcə kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonra tədbir şəhidimizin məzunu olduğu Çərəcə kənd tam orta məktəbdə davam edib.Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə baxış keçirilib, məktəblilərlə görüşülüb.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Salmanov Paşa Həkim oğlu 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2002- 2013-cü illərdə Çərəcə kəndində orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Paşa Salmanov 10 günlük Ağdam rayonunun Baharlı qəsəbəsində təlimlərdə iştirak edib.Daha sonra 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən iştirak edərək 14 oktyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alıb. 52 gün komada olan igidimiz həkimlərin səylərinə baxmayaraq, dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib. 2020 ci il dekabrın 6-da Göyçay rayonun Çərəcə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Paşa Salmanov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.