Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nadirov Fərid İlyas oğlunun ikinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlı olduğunu, torpaq üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Fərid Nadirov 21.09.2000-ci il tarixdə Göyçay rayonu Üngütlü kəndində anadan olub. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılıb. 28 noyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Fərid Nadirov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.