Azadsöz.az xəbər verir ki, noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev konfransı açıq elan edərək dedi:
-Zati-aliləri, Prezident İlham Əliyev.
Beynəlxalq konfransın hörmətli iştirakçıları.
Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə bizə şərəf verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Bu zaldan səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli jurnallar və nəşrlər üçün dəyərli fikirlərdir.
Biz bu gün qiymətli vaxtını bizə ayırdığına görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu dəfə biz əsas diqqəti bu gün region üçün çox önəmli və vaxtı yetişmiş məsələ olan “Orta Dəhliz” məsələsinə yönəltməyə qərar verdik. Azərbaycanın geostrateji yerləşməsi həmişə – qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, 2010-cu ildə ADA Universiteti Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutları ilə birlikdə Azərbaycanı və Xəzər regionunu qitənin nəqliyyat qovşağına necə çevirmək üçün tədqiqatı nəşr etmişdir. Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi və işğal altında olan torpaqların azad edilməsi regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaradıb. Biz bu gün və sabah keçirilən müzakirələrin regional nəqliyyat və bağlılıq gündəliyini daha da irəli aparacağına, regiona daha dayanıqlı sülh gətirəcəyinə ciddi surətdə inanırıq. İcazə verin, bu müzakirələrdə iştirak etdiyinə görə bütün beynəlxalq ekspertlərə təşəkkürümü bildirim.
İndi isə dəyərli vaxtını bizə ayırdığına görə Prezident Əliyevə dərin təşəkkürümü bildirərək, sözü Zati-alilərinə verirəm. Buyurun, cənab Prezident.
Dövlətimizin başçısı konfransda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Çox sağ olun. Əvvəlcə bizimlə burada olduqları üçün qonaqlarımıza, beynəlxalq ekspertlərə minnətdarlığımı bildirmək istəyirəm. Belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürümü bildirirəm. Cənab Paşayev dediyi kimi, yaxın tariximizdə artıq üçüncü dəfədir ki, biz burada yığışırıq. Hesab edirəm ki, əvvəl apardığımız müzakirələrimiz və bu dəfə aparacağımız müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və bizim regiondakı qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, – “geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”, – bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması – bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.
Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq. Biz qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikirik. Eyni zamanda, biz nəqliyyat infrastrukturuna sərmayə yatırırıq, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna.
Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, – hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, – Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq.
Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarımızın olması ilə bağlı potensialımızı əlavə etsək, biz, əlbəttə ki, planlaşdırdıqlarımıza nail olacağımızı görəcəyik. Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün bizə sözsüz ki, yeni tankerlər, bərələr və yük gəmiləri lazım olacaq.
Yəqin burada giriş sözümü bitirəcəyəm ki, müzakirələrimiz üçün daha çox vaxt qalsın. Bir daha xoş gəlmisiniz. Bilirəm ki, siz azad edilmiş şəhərlərdən biri olan Ağdama səfər edəcəksiniz. Buna görə də sizə təşəkkür edirəm. Siz Ermənistan tərəfindən otuzillik işğalın nəticələrini öz gözlərinizlə görəcəksiniz. Təşəkkür edirəm.
***
Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırdı.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə:
-Salam cənab Prezident. ABŞ-dan Mətyu Brayzədir. Şərq-Qərb dəhlizi, yaxud Orta Dəhliz baxımından və xüsusilə enerji ilə bağlı, Türkmənistana gəldikdə işlər necə gedir? Ola bilsin türkmən qazı bəlkə İran ərazisindən svoplar vasitəsilə buraya daxil edilə bilər və Türkiyə ərazisində qaz tranzitinə özəl şirkətlərin cəlb olunması üzrə intensiv müzakirələr gedən Türkiyə ilə bağlı bu məsələ nə yerdədir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əlbəttə ki, biz əməkdaşlığın geniş perspektivlərini nəzərdən keçirərək bu məsələ ilə məşğuluq. Hesab edirəm ki, artıq fəaliyyət göstərən bu nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bizim Türkmənistanla əməkdaşlığımızın çox yaxşı tarixi var. Bu gün biz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradırıq. Hətta biz Ələt Dəniz-Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayırmışıq. Biz türkmən qazı ilə bağlı svop əməliyyatlarına başlamışıq. Bunun səbəbi odur ki, indi sənayemizdə artım müşahidə olunur və əlavə qaz həcmlərinə böyük tələbat var. Sənaye artır, əhalimiz artır. Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq və buna görə təbii qaza tələbat, əlbəttə ki, artacaq. Nə edilməlidir? Əlbəttə ki, biz mövcud yataqlardan və növbəti ildən etibarən istifadəyə veriləcək yeni yataqlardan qaz hasilatını artırmağı planlaşdıran əcnəbi neft şirkətləri ilə əməkdaşlığımızı davam etdirəcəyik. Xüsusilə böyük qaz kondensatı yatağı olan “Abşeron”da gələn ildən etibarən hasilata başlanılacaq. Hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və əlbəttə ki, hasilatın bir necə dəfə artırılması üçün potensial var.
Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.
İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Əfsuslar olsun ki, biz hələ o mərhələyə çatmamışıq. Danışıqlar davam edir. Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.
Bilirsiniz ki, bu ilin iyul ayında biz Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalamışıq və bunun üçün potensial mövcuddur. Çünki birincisi, bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Mən “Abşeron”u qeyd etdim. “Ümid” və “Babək” yataqlarını qeyd edə bilərəm. “Asiman”ı, “Şəfəq”i və bir çox başqalarını qeyd edə bilərəm. İkincisi, bizim enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Yeni korporativ rəhbərlik, şəffaflıq və səmərəlilik bizə əlavə qaz tutumlarına qənaət etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla başladığımız layihələr. İki layihə artıq həyata keçirilir. Yəqin ki, gələn ilin sonunadək 470 meqavat külək və günəş enerjisi mövcud olacaq. Üstəlik, Cəbrayıldakı 230 meqavat gücündə günəş elektrik stansiyası buna əlavə həcm verəcək. Bu bizə əlavə qaza qənaət etmək imkanı verəcək. Başqa sözlə, biz iyul ayında Avropa Komissiyası ilə imzaladığımız Anlaşma Memorandumunu tam icra edə biləcəyik. Lakin bunun üçün biz türk dostlarımızla razılaşmalarımızı yekunlaşdırmalıyıq. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.
***
Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.