Azadsöz.az xəbər verir ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına şəhid olan Təbriz Məhəmmədəli oğlu Xancanovun ikinci ildönümü Müskürlü kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, dindarlar, ağsaqqallar, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçıları şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.Çıxış edənlər bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Müskürlü kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Təbriz Məhəmmədəli oğlu Xancanov 1996-cı il iyunun Göyçay rayonunun Qəbələ Müskürlü kəndində anadan olub.2002-2011-ci illərdə Müskürlü kənd orta məktəbində natamam orta təhsilini alıb.Sonrakı iki ilini isə komputer biliklərinə yiyələnib.Həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissədə keçib.Nişanlı idi.
Təbriz Xancanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Ağdam, Ağdərə, Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 16-da səhər saatlarında Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı ayağından yaralansa da sonacan döyüşüb,nəhayət döyüş yoldaşını döyüşdən çıxararkən başından aldığı qəlpə yarasında şəhid olub.Noyabrın 18-də doğulduğu kənddə dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Təbriz Xancanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.