Azadsöz.az xəbər verir ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına şəhid olan Xudiyev Mütalib Ələsgər oğlunun ikinci ildönümü Bəydövül kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev , İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, dindarlar, ağsaqqalar, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, Mütalib kimi şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər, zabitləri, Vətən uğrunda canından keçən qəhrəman şəhidləri və qazilərimizlə fəxr etdiyini və qürur duyduğunu diqqətə çatdırıb.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.
Daha sonra digər natiqlər çıxış edərək Mütalib Xudiyevin qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Bəydövül kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xudiyev Mütalib Ələsgər oğlu 3 mart 1993-cü il tarixdə Göyçay rayonunun Bəydövülü kəndində anadan olub. Mütalib Xudiyev orta təhsilini başa vurduqdan sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışıb.27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.
Könüllü olaraq Vətən müharibəsində iştirak edən Mütalib Xudiyev Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olub.Doğulduğu Bəydövül kənd qəbirstanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Mütalib Xudiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.