Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olan, Göyçay rayonunun Hacalıkənd kənd sakini Aslan Elman oğlu Əliyevin ikinci ildönümü kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatı Sabir Hacıyev, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, dindarlar, ağsaqqallar, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.Çıxış edənlər bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Sonra rayonun Hacalıkənd kəndində şəhidin adına küçə verilib.Şəhidimizin adını bildirən lövhə həmin küçəyə vurulub.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib.Noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.Doğulduğu kənddə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Aslan Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.