Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olan, “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun ikinci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının əməkdaşları, Müdafiə Nazirliyinin şəxsi heyyəti, şəhidimizin xidmət etdiyi hərbi hissənin hərbçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Qafqaz Müsəlmanları İdarəsinin “İçərişəhər” üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli, qazilər, Vətən müharibəsi iştirakçıları, , şəhid ailələri, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Polkovnik-leytenant Vidadi Xəlilovun məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar.
Tədbir ehsan süfrəsi ilə davam edib, Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun 25 il qüsursuz xidmətindən bəhs edən videoçarx nümayiş olunub.
****
Qeyd edək ki, Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.
Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.
Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.