Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nuriyev Elşən Əlisa oğlunun ikinci ildönümü Göyçay Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları,Gənclər və idman naziri Fərid Qayıbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Tədbirdən əvvəl mərasim iştirakçıları Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu elə bir tarixi Qələbə qazandı ki, həmin qələbə ilə xalqımızın 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyuldu. Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimiz, canını Vətən torpağına fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz döyüş meydanındakı qəhrəmanlıqları ilə dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdilər. Güclü Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb.
Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımızın hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, şəhidlərimizin qanı alındı.İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz heç vaxt unudulmayacağını diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov şəhid Elşən Nuriyevin qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.Şəhidlik zirvəsinə ucalan Elşən kimi oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyiblər.
Daha sonra şəhid Elşən Nuriyevin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Elşən Əlisa oğlu Nuriyev 13 iyun 1996-cı ildə Göyçay şəhərində anadan olub.2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Vətənin işğal olunmuş ərazilərini düşmən tapdağından azad etmək idi Elşən Nuriyevin arzusu oktyabrın 4-də şəhid olmaqla bu istəyinə çatdı.Böyük izdihamla Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elşən Nuriyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.