Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Aslan Elman oğlu Əliyevin ad günü doğulub boya-başa çatdığı Hacalıkənd kəndində məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, məktəblilər və kənd sakinləri iştirak ediblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.30 il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən erməni işğalından azad edilərək ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb.Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd edərək şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.
Çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından söz açıb, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi barəsində danışıblar. Qeyd ediblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Aslan Əliyevdə daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Daha sonra mərasim iştirakçıları Hacalıkənd kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.Noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.Doğulduğu kənddə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.