Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid İlyas oğlu Nadirovun ad günü Göyçay Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, şəhidimizin təhsil aldığı Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. Çıxışında 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdığını xüsusi qeyd edərək, xalqımızın əzmkarlığını diqqətə çatdırıb.
Mərasimdə çıxış edənlər şəhidimizin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Fərid Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub.27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.