Azadsöz.az xəbər verir ki, bu gün İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Fərid Nadirovun doğum günüdür.Fərid Ilyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində anadan olub.
İlk orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub. 2019-cu ilin iyul ayının 3-də həqiqi hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb. İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, şəhidimiz ailədə bir bacı, bir qardaş olublar. O, nişanlı idi. Əsgərlik xidmətini tam olaraq bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu reallaşmayaraq yarımçıq qaldı. Valideynlərinin sözlərinə görə, onlar igid övladı ilə 2 ay müddətinə yaxın əlaqə saxlaya bilməyərək heç bir xəbər əldə edə bilməyiblər. Nəhayət ki, F.Nadirovun şəhidlik xəbəri onların ailəsinə verilib. Noyabrın 28-i şəhid Fəridin nəşi son dəfə olaraq doğulub boya-başa çatdığı kəndə gətirilib. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Fərid Nadirov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.