Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
Səfir Abdullah Mohamed Abdullah Almauidi etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladı, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd etdi. Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirdi.
Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edən Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd etdi.
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğuladı.
Azərbaycan Prezidenti müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatların davam etdirildiyini dedi. Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd etdi.
Səfir Abdullah Mohamed Abdullah Almauidi Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
Səfir dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin olduğunu qeyd etdi. Abdullah Mohamed Abdullah Almauidi ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini bildirdi. Diplomat ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.
***
15:50
Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
15:40
Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.